MƏDƏNİYYƏT
Muzeydə “Yaşa, var ol hər zaman, doğma Vətən – Azərbaycan!” mövzusunda tədbir-sərgi təşkil olunacaq
Bakı, 13 oktyabr (AZƏRTAC). Oktyabrın 16-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında dövlət müstəqilliyimizin bərpasının 23-cü ildönümünə həsr olunmuş “Yaşa, var ol hər zaman, doğma Vətən - Azərbaycan!” mövzusunda tədbir-sərgi təşkil olunacaq.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzi ilə birlikdə təşkil olunacaq sərgidə mərkəzin nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” rəsm dərnəyinin üzvlərinin 60-dan çox əl işi nümayiş olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyeva və digər qonaqlar mövzu ilə bağlı çıxışlar edəcəklər.