CƏMİYYƏT


“myGov”da istifadəçi sayı 700 mini keçib

Bakı, 6 oktyabr, AZƏRTAC

“myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalında istifadəçi sayı 700 mini keçib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, agentliyin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan və idarə edilən “myGov”da istifadəçi sayı 2021-ci ilin əvvəlinə nisbətən 1,6 dəfə, ötən ilin əvvəli ilə müqayisədə isə 16 dəfə artıb.

Proaktiv elektron xidmət göstərən “myGov”da hesab açmaqla vətəndaşlar özü haqqında dövlət qurumları tərəfindən təqdim olunan məlumatlarla tanış olmaq, məlumatlarda səhv və ya natamamlıqla bağlı müraciət etmək, məlumatlarının kim tərəfindən sorğulandığı haqqında məlumat əldə etmək imkanı qazanırlar. Hazırda inteqrasiya olunan sistemlərlə birlikdə “myGov” 710 xidmətə giriş təmin edilir.

Bununla yanaşı, sənədlərin son etibarlılıq tarixi və digər mövzularda 18 növ bildiriş göndərilir ki, bu da vətəndaşları sənədlərin vaxtının bitməsi haqqında əvvəlcədən məlumatlandırır, vaxtı bitmiş sənədlərlə bağlı xoşagəlməz hadisələrin qarşısını alır.

Qeyd edək ki, 2021-ci ildə “myGov”a COVID-19 vaksin və immunitet sertifikatları inteqrasiya olunub. Vətəndaşlar şəxsi kabinetlərində yerləşdirilmiş sənədinin QR kodu oxutdurmaqla COVID-19 pasportu tələb olunan qurum və müəssisələrə rahat daxil ola bilirlər.

Mobil texnologiyaların inkişafı tendensiyası nəzərə alınmaqla, həmçinin vətəndaşların elektron hökumət xidmətlərinə çıxış imkanlarını daha da genişləndirmək məqsədilə bu il “myGov”un mobil tətbiqi də istifadəyə verilib.

Mobil tətbiqi, həm “iOS”, həm də “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdaki linklər vasitəsilə keçid edərək, yükləyib, istifadə edə bilərlər:

• "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my

• "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540

"myGov" mobil tətbiqinin yeni versiyasına təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə biometrik identifikasiya funksiyası əlavə olunub. “Android” istifadəçiləri artıq tətbiqə barmaq izi, “iOS” istifadəçiləri isə həm barmaq izi, həm də üztanıma funksiyası ilə daxil ola bilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.