CƏMİYYƏT
Narkomaniyaya yox deyək
Bakı, 17 oktyabr, AZƏRTAC
Ağdaş Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniyaya “yox” deyək!” və “ Dini radikalizmlə mübarizə” mövzularında görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayev tədbirdə çıxış edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin yaratdığı problemlərdən, onun fəsadlarından danışıb. O, gənc nəsli “ağ ölüm”dən qorumağın yollarından söz açıb və bu təhlükəli bəlaya qarşı mübarizədə cəmiyyətin bütün üzvlərinin iştirakının vacibliyini qeyd edib. Bildirib ki, narkomaniya ilə mübarizə gənclərin formalaşmasında, eləcə də onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Dini radikalizmin fəsadlarından da danışan R.Mustafayev belə görüşlərin gənclərin xurafat və radikalizmdən uzaq olmasında əhəmiyyətini bildirib. Vurğulayıb ki, din adından istifadə edərək bu sahədə radikalizmi təbliğ etməyə cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən də gənc nəslin sayıqlıq və vətəndaşlıq mövqeyi göstərməsi çox vacibdir.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.