REGİONLAR
Naxçıvan Dövlət Universitetinin fərqlənən tələbələri mükafatlandırılıblar
Naxçıvan, 26 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində 2019-2020-ci tədris ilinin birinci yarısında müxtəlif səviyyəli yarışlarda fərqlənən tələbələr mükafatlandırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev çıxış edərək tələbələrin bilik, idman yarışlarında, əlamətdar tarixi günlər münasibətilə keçirilən yaradıcılıq müsabiqələrində, ümumiyyətlə, universitetin ictimai işlərində fəallıq göstərmələrini təqdirəlayiq hal kimi qiymətləndirib.
Universitetin Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə elmlər doktoru Məmmədəli Rəhimov bu ali təhsil ocağının idman həyatında qazandığı uğurlardan danışıb. Qeyd edilib ki, Bədən tərbiyəsi və idman ixtisası üzrə III kurs tələbəsi Sərcan Məmmədov və həmin ixtisas üzrə I kursda təhsil alan Aslan İsmayılov Makedoniyada keçirilən XI Avropa Şotokan karate çempionatında çıxış edərək III yeri qazanıb.
Muxtar respublika birinciliyində yüngül atletika üzrə 200 metr məsafədə qaçışda Gülayə Cəfərova, 400 metr məsafədə qaçışda isə Xatın Orucova qalib olub. Boks üzrə yarışda Kamran Allahverdiyev, Nizami Novruzov, Bursay İbrahimov I yerə layiq görülüb. Badminton idman növü üzrə komandamız I yeri, badmintonçu Səba Şirzad isə bu idman növü üzrə qalib adını qazanıb. Oğlanlar arasında keçirilən stolüstü tennis yarışlarında ilk 3 yeri universitetin idmançıları tutub.
Tələbə-Gənclər Təşkilatının sədri Zümrüd Səfərova vurğulayıb ki, semestrin ən böyük uğuru NDU-nun Tələbə-Gənclər Təşkilatının muxtar respublika üzrə seçilməsi olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Muxtar respublikada ən yaxşı Tələbə-Gənclər Təşkilatı” layihəsində qalib adını qazanan “İnam işığı” adlı film nümayiş olunub.
Sonra qaliblər mükafatlandırılıblar.