İDMAN
Naxçıvan güləşçiləri “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnirin qalibi olmuşlar
Bakı, 6 may (AZƏRTAC). Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, səkkiz komandanın mübarizə apardığı turnirdə Naxçıvan güləşçiləri ən güclü olmuşlar. Finalda Azərbaycan komandası ilə görüşdə 4:4 hesablı heç-heçə qeydə alınsa da, yerli güləşçilərdən birinin təmiz qələbə qazanması görüşün taleyini həll etmişdir. Bununla da Naxçıvan güləşçiləri turniri birinci sırada tamamlamışlar.
Azərbaycan komandası ikinci, Gürcüstan güləşçiləri isə üçüncü yerdə qərarlaşmışlar.
Turnir çərçivəsində Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev Naxçıvan Muxtar Respublikasında güləşin inkişafındakı xidmətlərə görə Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbova Beynəlxalq Güləş Federasiyasının (FİLA) qızıl medalı və fəxri diplomunu təqdim etmişdir.