REGİONLAR
Naxçıvan məktəblərində keçirilən Mantu sınağı başa çatıb
Naxçıvan, 29 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının vərəmə həssas bəzi yaşayış məntəqələrinin tam orta məktəblərində təhsil alan V- IX sinif şagirdləri arasında erkən vərəmin aşkar olunması məqsədilə tuberkulin diaqnostikası sınağının aparılması başa çatıb.
Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunun üçün əvvəlcədən zəruri təşkilati tədbirlər həyata keçirilib. Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən əvvəllər vərəmli xəstələrin qeydə alındığı yaşayış məntəqələrindəki orta məktəblər müəyyənləşdirilib. Həmin məktəblərdə rayon mərkəzi xəstəxanaları, eləcə də gigiyena və epidemiologiya mərkəzləri tərəfindən Mantu sınağına cəlb ediləcək uşaqların siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə bir həkim və iki tibb işçisindən ibarət yaradılan xüsusi briqadalar sınaq materialı ilə təchiz edilib.
Aprelin 4-dən start verilən Mantu sınaqları ərazi prinsipi üzrə aparılıb. Rayon mərkəzi xəstəxanaları, kənd səhiyyə müəssisələri, məktəb tibb məntəqələrinin həkim və tibb işçiləri tuberkulin diaqnostikasında bu zəruri mərhələni nəzərdə tutulan vaxtda başa vurublar. Muxtar respublika üzrə 7 min 31 nəfər şagirdin 82 faizi sınağa cəlb edilib.
Sınağın nəticələri 72 saat keçdikdən sonra qiymətləndirilərək Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə, Ağciyər Xəstəlikləri Dispanserinə məlumat verilib. Nəticələr qiymətləndirilərkən müsbət və hiperergik reaksiyalı uşaqların ətraflı ftiziatr müayinəsinə cəlb olunmaları üçün zəruri tədbirlər görülüb.