İQTİSADİYYAT
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yeni suvarma şəbəkəsi qurulur
Naxçıvan, 11 iyun (AZƏRTAC). “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qarşıya qoyduğu əsas vəzifələrdən biri də muxtar respublikada mövcud hidroresurlardan səmərəli və qənaətlə istifadə edilməsi, mühəndis-texniki tələblərə cavab verən müasir irriqasiya sistemlərinin yaradılmasıdır. Son illər muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlər torpaqların su təminatını xeyli yaxşılaşdırmışdır. Hazırda “Kəngərli rayonunda irriqasiya sistemlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində yeni suvarma şəbəkəsi qurulur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonuna gəlmiş, suvarma sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər və bundan əvvəl verdiyi tapşırıqların icrası ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba su anbarından 720 millimetrlik 16,2 kilometr uzunluğunda qoşa boru xətləri çəkilir. Bu günə qədər 9 kilometr məsafədə boru xətlərinin çəkilişi başa çatdırılmışdır. Saniyədə 900 litr su nəql edəcək borular öz axımı ilə 3300 hektar torpaq sahəsini suvarmağa imkan verəcəkdir.
Layihəyə uyğun olaraq rayon ərazisində yeni nasos stansiyasının, suqəbuledici və supaylayıcı hovuzların tikintisi də aparılır. Nasos stansiyasının binasında iş və elektrik otaqları, anbar istifadəyə veriləcək, hər biri saatda 1200 kubmetr su vuran 3 aqreqat quraşdırılacaqdır. Bu günə qədər stansiya binasında ilkin beton işləri başa çatdırılmış, 1500 kubmetrlik suqəbuledici hovuzun tikintisinə başlanılmışdır. Nasos stansiyasından supaylayıcı hovuza qədər diametri 720 millimetr olan 8,7 kilometr uzunluğunda təzyiqli boru xətti çəkilmişdir.
Layihəyə uyğun olaraq ərazidə 16 kilometr paylayıcı boru xətlərinin, o cümlədən 120 kilometr uzunluğunda torpaq kanal və arxların çəkilməsi də nəzərdə tutulmuşdur. Paylayıcı boru xətlərinin üzərində 58 ədəd suburaxıcı quraşdırılacaqdır. Bu işlər tam başa çatdırıldıqdan sonra Kəngərli rayonunda 5800 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılacaqdır. Yeni suvarma sistemlərinin istifadəyə verilməsi rayonda əkinçiliyin inkişafını sürətləndirəcək, suvarma suyu olmayan ərazilərin davamlı su təminatına imkan yaradacaqdır. Bu da öz növbəsində rayonda kənd təsərrüfatı məhsulları istehsalının artmasına səbəb olacaqdır.
Ali Məclisin Sədri muxtar respublikada irriqasiya sistemlərinin müasirləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsi, ərazidə yeraltı suvarma şəbəkəsinin qurulması üçün hazırlıq işlərinin görülməsi və tikinti işlərinin keyfiyyətlə başa çatdırılması barədə müvafiq tapşırıqlar vermişdir.
Uzunoba su anbarında yenidənqurma
işləri aparılmışdır
İyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Uzunoba su anbarında aparılan yenidənqurma işləri ilə də tanış olmuşdur.
Bildirilmişdir ki, yenidənqurma işləri zamanı anbarın suburaxıcı qülləsi və boruları əsaslı şəkildə təmir edilmiş, bəndin 53 min kvadratmetr beton üzlüyü yenilənmiş, 1830 metr uzunluğunda dalğaqırıcı tikilmişdir. Yenidənqurma işlərindən sonra anbarın tutumu 8 milyon kubmetrə çatdırılmışdır. Su anbarından sızan drenaj sularını yığmaq üçün 650 metr uzunluğunda qapalı xətt çəkilmişdir. Həyata keçirilən tədbirlər anbarın istismar müddətini xeyli artırmışdır.
Uzunoba su anbarında istirahət guşələri və çimərliyin yaradılması istiqamətində görülən işlər də davam etdirilir. Ərazidə kafe inşa olunmuş, işıqlandırma sistemləri quraşdırılmışdır. Burada çimərlik və istirahət zonaları yaradılacaq, avtomobil dayanacağı, idman meydançaları istifadəyə veriləcəkdir. Su anbarının bəndi üzərində 3 istirahət köşkü quraşdırılmışdır. İstifadəyə verildikdən sonra burada sakinlərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılacaqdır.
Ali Məclisin Sədri su anbarının ətrafında yaşıllaşdırma işlərinin aparılması, anbara suyun yığılması və tikinti işlərinin çimərlik mövsümünədək başa çatdırılması barədə tapşırıqlar vermişdir.