SİYASƏT
NAXÇIVAN ŞƏHƏRİNİN İNZİBATİ ƏRAZİ BÖLGÜSÜNDƏ QİSMƏN DƏYİŞİKLİKLƏR EDİLƏCƏKDİR
Bakı, 3 iyun (AZƏRTAC). İyunun 3-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilmişdir. Komitənin sədri Arif Rəhimzadə iclasın gündəliyi barədə məlumat verdikdən sonra “Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılmışdır. Bildirilmişdir ki, layihədə Babək rayonunun Qaraçuq, Qaraxanbəyli və Tumbul kənd inzibati ərazi dairələri və onların əhatə etdiyi Bulqan, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndlərinin Naxçıvan şəhərinin inzibati ərazisinə daxil edilməsi nəzərdə tutulmuşdur. Həmin kəndlər Naxçıvana daha yaxındırlar və bu dəyişiklik onların inkişafına imkan yaradacaqdır.
Komitə sədri A.Rəhimzadə “Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgəsində qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə məlumat vermişdir. Bu layihədə Füzuli rayonunun Birinci Haramı qəsəbə inzibati ərazi dairəsinin tərkibində olan 5, İkinci Haramı qəsəbə inzibati ərazi dairəsinin tərkibində olan 6 qəsəbənin ayrılması və hər birinin mərkəz olmaqla yeni inzibati ərazi dairələrinin yaradılması təklif olunur.
Daha sonra “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” qanun layihəsi müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda şəhərlər iki kateqoriyaya - ölkə əhəmiyyətli və rayon tərkibində olan şəhərlərə bölünürlər. Lakin qanunvericilikdə şəhərlərin kateqoriyalarının müəyyən edilməməsində bir sıra uyğunsuzluqlar vardır. Bununla bağlı qanuna yeni maddə əlavə ediləcəkdir. Həmin əlavələrdə deyilir ki, respublika əhəmiyyətli şəhərlər - böyük inzibati, iqtisadi və mədəni mərkəzlər olan, ərazisində dövlət əhəmiyyətli müəssisələr və ya xüsusi əhəmiyyətli tarixi və mədəni abidələr yerləşən, inkişaf etmiş istehsalat və sosial infrastruktura malik olan inzibati ərazi vahidləridir.
Qanunda nəzərdə tutulan digər dəyişikliyə görə ayrı-ayrı hallarda əhalisinin sayı 60 min nəfərdən çox rayon mərkəzi olan şəhərlər həmin rayonun inzibati ərazisində saxlanılmaqla respublika əhəmiyyətli şəhərlər kateqoriyasına aid edilə bilər.
İclasda “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanununda dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsinə də baxıldı.
Layihəyə əsasən “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamə” sözlərinin “Ərazi vahidlərinin Dövlət reyestri”nin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamə” sözləri ilə əvəzlənməsi təklif olunur.
İclasın sonunda “Bələdiyyələrin statusu haqqında” Qanuna əlavələr edilməsi barədə” qanun layihəsi müzakirə edilmişdir. Bildirilmişdir ki, Milli Məclisdə iki ildən çoxdur ki, ərazi vahidlərinin Dövlət reyestri yaradılmışdır. Həmin reyestrdə Azərbaycanda bütün ərazi vahidlərinin və inzibati ərazi dairələrinin siyahısı aparılır. Qanun layihəsinə təklif olunan əlavədə deyilir ki, Azərbaycan Respublikasında bütün bələdiyyələr Milli Məclis tərəfindən aparılan bələdiyyələrin Dövlət reyestrinə daxil edilir və onlara müvafiq şəhadətnamə verilir. Bələdiyyələrin Dövlət reyestrinin aparılması isə müvafiq qanunla müəyyənləşdirilir.
Müzakirə olunan qanun layihələri Milli Məclisin ümumi iclasına tövsiyə olunmuşdur.