ELM VƏ TƏHSİL
NAXÇIVAN XANLIĞININ MÜDRİK BAŞÇISI, KƏNGƏRLİ TAYFASININ QEYRƏTLİ OĞLU HAQQINDA TARİXİ ROMAN
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Nurlan” nəşriyyatı yazıçı Güllü Məmmədovanın “Kalbalı xan” tarixi romanını çapdan buraxmışdır.
Müəllif Naxçıvan xanlığının bütöv bir tarixini qələmə almış, dövrün ictimai-siyasi hadisələri ilə yanaşı, bu gün yaşadığımız faciələrin, ermənilərin törətdiyi soyqırımların kökünü, mənbəyini oxucuya çatdırmağa çalışmışdır.
Naxçıvan xanlığının tarixinə çox böyük qiymət verən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Çox istərdim ki, Naxçıvan xanlığının tarixi çox gözəl yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var”.
Kitabda məlumat verilir ki, XVII əsrin axırları-XVIII əsrin əvvəllərində Cənubi Qafqazda gedən ictimai-siyasi proseslərin mərkəzində Naxçıvan xanlığı dayanır. Farslar və ruslar Şərqə qapı açan bu kiçik, lakin strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bölgəni ələ keçirmək üçün müntəzəm olaraq bir-biri ilə mübarizə aparmışlar. Ruslar İrəvan xanlığının da işğalına böyük əhəmiyyət verirdilər. I və II rus-İran müharibələrinin səbəbi məhz bu məqsəd idi. Azərbaycanın taleyini bu müharibələr həll etmişdir. Türkmənçay müqaviləsi vahid dövləti iki yerə bölür. Rusların əlində qalmış Şimali Azərbaycanın Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarına ermənilər köçürülür.
Yazıçı “Kalbalı xan” romanında bütün bu hadisələri tarixi faktlar, sənədlər əsasında təsvir edir.
Müəllif daha bir tarixi şəxsiyyəti oxucuya tanıdır: bu, Naxçıvanda məşhur Kəngərli tayfasının başçısı Kalbalı xandır. O, ağıllı, uzaqgörən siyasətçi, dövlət başçısı, qeyrətli, öz torpağını sevən, Naxçıvanın müstəqilliyi uğrunda mübarizə aparan vətənpərvərdir. İran şahı daim onunla hesablaşır.
Roman “Taxt... uğrunda savaş”, “Xacə şahın sonu”, “Rus taunu”, “İşğal və yaxud generalın ölümü”, “Ermənistan belə yarandı”, “Mübahisəli Naxçıvan”, “Ölümə bərabər ayrılıq” adlı bölmələrdən ibarətdir.
AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev kitaba yazdığı ön sözdə deyir ki, “Kalbalı xan” romanı Naxçıvanın ağrılı, lakin qəhrəmanlıq tarixi, o dövrdə yaşamış tarixi simalar, onların fəaliyyəti haqqında geniş bilgi verir. Tam yəqinliklə inanırıq ki, bu tarixi roman oxucuların ciddi marağına səbəb olacaq, həmin dövr hadisələrinin obyektiv öyrənilməsinə əsaslı kömək göstərəcəkdir.
######