REGİONLAR
Naxçıvanda futbol üzrə “Heydər Əliyev kuboku” turniri keçiriləcək
Naxçıvan, 22 may, AZƏRTAC
Mayın 26-da Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Peşəkar Futbol Liqası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə keçirəcəyi turnirdə iştirak edəcək komandalar artıq məlumdur. Yerli “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu ilə yanaşı, İmişlinin “Mil-Muğan”, Zaqatalanın “Zaqatala” və Bakının Mərkəzi Ordu İdman Klubu (MOİK) birincilik uğrunda mübarizə aparacaqlar.
Oyunlar 26, 28 və 30 may tarixlərində Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək. Qrup mərhələsi oyunlarında gün ərzində iki görüş olacaq.
Görüşlərdə ən çox xal toplayan komanda turnirin qalibi olacaq. Qalib komandaya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən sertifikat və kubok təqdim ediləcək.
“Heydər Əliyev kuboku” turnirinin açılış mərasimi isə mayın 30-da keçiriləcək.