REGİONLAR
Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı artıb
Naxçıvan, 21 sentyabr, AZƏRTAC
“Kənd təsərrüfatı ili” olan 2015-ci ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulu istehsalı artıb. Sözügedən dövrdə 253 milyon 812 min manatdan artıq həcmdə kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 8,6 faiz üstələyib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində muxtar respublikada diri çəkidə 12,6 min ton ət, 60,7 min ton süd istehsal edilib. 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə ət istehsalı 3,2 faiz, süd istehsalı 1,4 faiz artıb.
Naxçıvanda təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2015-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 52 milyon 892 min manatdan çox kredit verilib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 42,9 faiz çoxdur.
Cari ilin yanvar-avqust aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqının məbləği 393,1 manat təşkil edib və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,6 faiz artıb.