REGİONLAR
Naxçıvanda musiqi təhsili müəssisələrinə işə qəbul imtahanları keçirilib
Naxçıvan, 31 yanvar, AZƏRTAC
Naxçıvanda tədris müəssisələrinin ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə musiqi təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üçün növbəti test imtahanları keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqəyə çıxarılmış 127 vakant vəzifənin tutulması üçün 102 namizəd qeydiyyatdan keçib. Ən çox müraciət Şərur (37), Babək (13) və Kəngərli rayonları (12) üzrə qeydiyyata alınıb. Müsabiqəyə daha çox konsertmeyster-fortepiano (31), nağara (14) və tar (11) ixtisası üzrə vakant vəzifələr çıxarılıb. Ayrı-ayrı vəzifələr üzrə ən çox müraciət isə konsertmeyster-fortepiano (16) və nağara (14) ixtisaslarına olub.
Hər bir namizədə 75 dəqiqə vaxt çərçivəsində müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının 60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir və müsahibə mərhələsinə buraxılır. İmtahanın nəticəsi “Test imtahanının nəticəsi haqqında arayış”la rəsmiləşdirilir. İmtahanların nəticələri ilə Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalından tanış olmaq mümkündür.