REGİONLAR
Naxçıvanın tanınmış rəssamları əsərlərini muzeylərə hədiyyə ediblər
Naxçıvan, 26 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli müəllifi olduqları rəsm əsərlərini Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən muzeylərə və Turizm Departamentinin Milli Dəyərlər Muzeyinə hədiyyə ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Dövlət Rəsm Qalereyasında keçirilən muzeylərə hədiyyə edilmiş rəsm əsərlərinin təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova Naxçıvan rəssamlıq məktəbinin layiqli davamçıları olan rəssamlarımızın son illər öz dəyərli sənət əsərlərini muzeylərə təqdim etmələrinin ənənə halını aldığını bildirib.
Rəssamların həyat və yaradıcılığı haqqında ətraflı məlumat verən nazir çıxışının sonunda göstərilən qayğıya görə mədəniyyət sahəsində çalışan insanlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Rəssamlar Telman Abdinov və Əli Səfərli çıxışları zamanı hədiyyə etdikləri rəsm əsərlərinin tarix və mədəniyyətimizin saxlanc yeri olan muzeylərdə layiqincə mühafizə olunaraq gələcək nəsillərə çatdırılacağına əmin olduqlarını bildiriblər.
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Turizm Departamentinin sektor müdiri Həsən Kərimov əsərlərini hədiyyə edən rəssamlara minnətdarlıq ediblər.
Sonda hədiyyə olunmuş rəsm əsərlərinin sərgisinə baxış keçirilib.