İQTİSADİYYAT
Nazir: Keçən il ÜDM-in real artımı 2,2 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz olub
Bakı, 16 yanvar, AZƏRTAC
2019-cu ildə ümumi daxili məhsulun (ÜDM) real artımı 2,2 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz təşkil edib. Qeyri-neft sektorunda sənaye istehsalı 13,9 faiz artıb, qeyri-neft ixracının həcmi 1,9 milyard ABŞ dollarını ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 16-da ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, keçən il qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi 3,5 faiz təşkil edib. Qeyri-neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2 faizdən 2019-cu ildə 69,7 faizə yüksəlib: “Bununla yanaşı, ötən dövr ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Nəticədə əhalinin gəlirlərinin nominal artım tempi 7,4 faiz təşkil edərək orta illik inflyasiyanı (2,6 faiz) üstələyib. Həmçinin orta aylıq əməkhaqqının artım tempi 16,4 faiz təşkil etməklə, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli üstələyib ki, bu da həm əməkhaqlarının artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır”.