MƏDƏNİYYƏT
Nazirlikdə görüş
Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 22-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimovla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə yanaşı, şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai və bilet satışı şöbəsinin rəhbəri Bülənt Özərdim də iştirak edib.
Görüş zamanı 2016-cı ilin iyun ayında Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına hazırlıq məsələləri müzakirə olunub. Turizm baxımından yarışın əhəmiyyətindən bəhs edilən müzakirədə birgə təbliğatın həyata keçirilməsi üçün müxtəlif tədbirlərin təşkili məqsədilə fəaliyyət planının hazırlanması qərara alınıb.
Ölkəmizin təmsil olunduğu müxtəlif beynəlxalq turizm sərgilərində şirkətin nümayəndələrinin iştirak etməsi, yarış haqqında müxtəlif təqdimatların keçirilməsi və turizm sənayesinin cəlb olunması, xarici mətbuat nümayəndələri üçün birgə press-turların təşkili, onlayn bilet satışının stendlərdə həyata keçirilməsi üçün müxtəlif işlər görülməsi haqqında fikir mübadiləsi aparılıb.