REGİONLAR
NDU-nun və İğdır Universitetinin birgə təşkilatçılığı ilə “Ənənəvi incəsənət və sənətkarlıq nümunələri” sərgisi keçirilib
Naxçıvan, 14 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) və Türkiyənin İğdır Universitetinin birgə təşkilatçılığı ilə “Ənənəvi incəsənət və sənətkarlıq nümunələri” sərgisi keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetdə iki gün davam edən sərginin açılış mərasimində çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev qonaqları salamlayıb, sərginin işinə uğurlar arzulayıb. Rektor NDU-nun İncəsənət, Memarlıq və mühəndislik, Pedaqoji fakültələrinin iştirakı ilə keçirilən tədbirdə, ümumilikdə, 1000-dən çox sənət nümunəsinin sərgiləndiyini diqqətə çatdırıb. Elbrus İsayev qardaş ölkənin universiteti ilə birgə keçirilən sərginin mühüm əhəmiyyətini qeyd edib, bu cür görüşlərin gələcək təcrübə mübadiləsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz Türkiyə və Azərbaycan arasında bütün sahələrdə olduğu kimi təhsil sektorunda da qarşılıqlı əlaqələrin inkişaf etdiyini, yeni-yeni uğurlar qazanıldığını bildirib.
İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma 2008-ci ildə yaradılan ali təhsil ocağı haqında məlumat verib. Qeyd edib ki, ilk dəfə Naxçıvanda keçirilən sərginin sonra İğdırda, İranda, Gürcüstanda keçirilməsi planlaşdırılıb. Rektor bir çox sahələrdə Naxçıvan Dövlət Universiteti ilə birgə iş birliyinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov maddi-mədəniyyət abidələrini qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq məqsədilə təşkil edilən sərgini yüksək qiymətləndirib. Bildirib ki, muxtar respublikada yaradılan şəraitin nəticəsində, şagirdlər müasirliklə yanaşı, qədim adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunurlar. Nazir şagirdlərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində innovativ dərnəklərin əhəmiyyətini xüsusilə qeyd edib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva təşkilatçılara minnətdarlıq edib və sərginin işinə uğurlar arzulayıblar.
Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxışında gələcəkdə bu istiqamətdə Rəssamlar Birliyində də sərgilərin keçirilməsi barədə öz təkliflərini səsləndirib.
Sonra sərgiyə baxış olub.
Sərgidə NDU-nun İncəsənət fakültəsi rəssamlıq və heykəltəraşlıq nümunələri, ağac üzərində rəsmlər, dekorativ tətbiqi sənət növləri, zərgərlik məmulatları, təbii daşlardan hazırlanmış aksessuarlarla iştirak edib. NDU-nun Memarlıq və mühəndislik fakültəsi ötən ilin ən uğurlu və möhtəşəm layihəsi olan Texnopark, eskiz layihələri, ənənəvi və kompüter qrafikası ilə hazırlanan maketlər təqdim edib. Pedaqoji fakültənin kollektivi dekorativ tətbiqi sənət nümunələri, metal və ağacdan hazırlanmış əl işləri, divar hanasında toxunmuş müxtəlif ölçülü xalçalar, dekorativ qurama güllər, sabun və şam nümunələri ilə sərgiyə rəng qatıb. Qonaqlara fakültənin qış tədarükü üçün hazırlanmış turşu və mürəbbələri, dərman bitkiləri, Naxçıvan mətbəxinə aid ədviyyatlar, quru meyvə və çərəz də təqdim olunub.
Qardaş ölkədən gələn sənət sahibləri də maraqlı əl işlərini nümayiş etdiriblər. Dəridən hazırlanan müxtəlif çantalar, keçədən hazırlanmış tablolar, şüşə boruları əritməklə hazırlanan muncuqlar və suvenirlər tamaşaçılarda maraq oyadıb.
Tədbir NDU-nun Pedaqoji fakültənin müəllim və tələbələrinin hazırladığı şirniyyat və çay süfrəsi ətrafında davam edib. İncəsənət fakültəsinin və Musiqi Kollecinin tələbələrinin ifasında musiqi və rəqs nömrələri qonaqlarda xoş ovqat yaradıb.
Sərginin ikinci günündə əl işlərinin hazırlanma texnikası və texnologiyası əyani şəkildə göstərilib.
Sonda təşkilatçılar İğdır Universiteti tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.