MƏDƏNİYYƏT
Neapolda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
Bakı, 19 sentyabr, AZƏRTAC
İtaliyanın Neapol şəhərində azərbaycanlı rəssam Elay Məmmədovun fərdi sərgisinin açılışı olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AZƏRTAC-a verilən məlumata görə, “Palazzo Fondi” sərgi salonunda keçirilən tədbir Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı və DİDK-nın dəstəyi ilə baş tutub.
Açılış mərasimində Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniliyo, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Əsgərov, Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov, İtaliyadakı azərbaycanlı icmasının təmsilçiləri, yerli KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İtaliyada yaşayan və yaradıcılığında monoxrom üsluba üstünlük verən rəssam Elay Məmmədovun əsərləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sərgi sentyabrın 22-dək davam edəcək.