İQTİSADİYYAT
Neft Daşlarında 1957-ci il faciəsinin 55-ci ildönümü qeyd edilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). “Neft daşları” Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) kollektivi 1957-ci il noyabrın 21-də burada baş vermiş faciənin 55-ci ildönümünü qeyd etmişdir. NQÇİ-nin rəhbərləri, polad dirəklər üzərində qurulmuş bu müasir sənaye şəhərində fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri, həmin faciə qurbanlarının ailə üzvləri mərasimdə iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək ulu öndərin xatirəsini böyük ehtiramla yad etmiş, abidənin önünə gül dəstələri düzmüşlər.
Sonra mərasim iştirakçıları faciəli gecədə həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə toplaşmış, buraya tər qərənfillər qoymaqla həyatlarını xalqımızın xoşbəxtliyi naminə qurban vermiş insanların xatirəsini anmışlar.
Çıxış edənlər 1957-ci ilin fırtınalı noyabr gecəsində baş vermiş hadisənin təfsilatı, neftçilərimizin qəhrəmanlığı və fədakarlığından danışmışlar. Hadisə qurbanlarının ailə üzvləri adından İbrahim Sadıqovun oğlu Asif Sadıqov həlak olan neftçilərin xatirəsinə göstərilən ehtirama, onların ailə üzvlərinə qayğıya görə minnətdarlığını bildirmişdir.