ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni monoqrafiyası çap olunub
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov və əməkdaşları - kimya elmlər doktoru, professor Rəna Cəfərova, kimya üzrə fəlsəfə doktoru, dosent Ülvüyyə Yolçuyeva və kimya elmlər doktoru, dosent Çimnaz Salmanova tərəfindən yazılmış “Kimyəvi birləşmələrdə fotokimyəvi çevrilmə prosesləri və onların aradan qaldırılması yolları” monoqrafiyası çapdan çıxıb.
Neft-Kimya Prosesləri İnstitutundan AZƏRTAC-a bildirilib ki, monoqrafiya fotokimyəvi proseslərin qanunauyğunluqlarından və onların üzvi birləşmələrin quruluşu ilə əlaqəsindən bəhs edir. Real şəraitlərdə neft məhsullarının, polimer materialların, qida və dərman maddələrinin, yağların və konservasiya karbohidrogen sürtkülərinin saxlanılması və nəqli zamanı onların oksidləşməsi də kitabda yer alıb. Monoqrafiyada üzvi birləşmələrdə fotooksidləşmə reaksiya mexanizmlərinin və onların kinetik qanunauyğunluqlarının öyrənilməsi, uyğun parametrlərin təyin edilməsi ilə bağlı məlumat da var. Kitab, həmçinin bu proseslərin ləngidilməsi və aradan qaldırılması yollarının araşdırılması və tədqiqini əhatə edir.
Monoqrafiya neft kimya, üzvi kimya və fotokimya sahələrində tədqiqat işləri aparan elmi işçilər, həmçinin doktorant və magistrlər üçün nəzərdə tutulub.