İQTİSADİYYAT
Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi çərçivəsində lisenziar şirkətlərin seçiminə başlanılmışdır
Bakı, 9 iyul (AZƏRTAC). ARDNŞ-in yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması istiqamətində işlər icra planına müvafiq şəkildə davam etdirilir.
Kompleksin texnoloji sxeminə daxil olan qurğular üzrə lisenziyaların seçilməsinə başlanılmışdır. Bu məqsədlə 3-6 iyul 2012-ci il tarixlərində ARDNŞ-in strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun rəhbərliyi ilə lisenziar şirkətlərin seçimini həyata keçirəcək dünya şöhrətli “FLUOR” şirkəti ilə ilkin əlaqələndirmə iclası keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Neft Fondunun, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun, ARDNŞ-in Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi Layihəsi məsələləri Departamentinin, idarə və müəssisələrinin, “SOCAR-Foster Wheeler Mühəndis Xidmətləri” birgə müəssisəsinin nümayəndələri, habelə layihə üzrə müstəqil məsləhətçilər iştirak etmişlər. İclasda “FlUOR” şirkətinin nümayəndələri tərəfindən lisenziar şirkətlərin seçimi istiqamətində görüləcək işlər, bu zaman istifadə olunacaq prosedur, metodologiyalar haqqında məlumat verilmiş, şirkətin mütəxəssisləri ilə fikir mübadiləsi aparılmış, digər mühüm məsələlər müzakirə edilmişdir.
Qeyd etmək lazımdır ki, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi Layihəsinin texnoloji sxeminə uyğun olaraq, Kompleksin tərkibində 40-dan artıq texnoloji qurğunun quraşdırılması planlaşdırılır ki, bu qurğuların da 25-dən çoxu lisenziya tələb edən qurğulardır. Layihə üçün potensial lisenziar şirkətlər qismində “Axens”, “CB&I”, “Chevron”, “Dow”, “DuPont”, “İneos”, “KBR”, “Linde”, “LyondellBasell”, “Shell”, “Technip”, “UOP” və dünyanın bir sıra digər tanınmış şirkətləri nəzərdən keçiriləcəkdir.