İQTİSADİYYAT
Neft və qaz yataqlarında bir sıra geoloji tədbirlər həyata keçirilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). Xəzər dənizinin Azərbaycan sektorunda və quruda yerləşən neft və qaz yataqlarında bir sıra geoloji tədbirlər həyata keçirilmişdir.
“Azneft” İstehsalat Birliyinin (İB) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Günəşli” yatağının 256 nömrəli quyusu orta gündəlik hasilatı gündə 62 ton neft olmaqla əsaslı təmirdən istismara daxil edilmişdir.
“Neft Daşları” yatağındakı 1887 nömrəli özüldə, 2206 və 2280 nömrəli quyular orta gündəlik hasilatı 19 ton neft olmaqla əsaslı təmirdən sonra istismara verilmişdir.
“Siyəzən monoklinalı” yatağının “Əmirxanlı” sahəsindəki 1647 nömrəli quyu orta gündəlik hasilatı 5 ton neft olmaqla qazmadan sonra istismara daxil edilmişdir.
“Azneft” İB-nin sifarişi ilə yerinə yetirilən geofiziki üsullarla axtarış-kəşfiyyat işləri davam etdirilir.
Kür-Qabırrı Çaylararası neftli-qazlı rayonunun Eldaroyuğu-Böyük Palantökən sahələrində neft-qaz yığımları üçün əlverişli mənbələrin axtarışı, neft-qazlılığının proqnozlaşdırılması məqsədi ilə aparılan seysmik işləri istiqamətində işlənmiş bir sıra profillərin emalı tamamlanmış və nəticələrinin təhlilinə başlanmışdır.