REGİONLAR
Neftçalada payızlıq taxıl əkini başa çatıb
Neftçala, 26 dekabr, Mahir Babayev, AZƏRTAC
Neftçalada taxılçılıq aparıcı təsərrüfat sahələrindən hesab olunur. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması rayonda taxılçılığın ilbəil genişlənməsinə səbəb olub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə biçin aparılmış 39 min 196.2 hektar taxıl sahəsindən 111 min 603 ton məhsul götürülüb ki, bunun da 85 min 733 tonu arpa, 25 min 870 tonu isə buğda olub. Neftçalalı taxılçılar gələn ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Payızlıq səpinə mütəşəkkil başlayan fermer və torpaq mülkiyyətçiləri qısa müddətdə 43 min 66 hektar sahədə səpin keçirərək payızlıq taxıl əkinini başa çatdırıblar. Səpin zamanı əkinçilər rayonlaşdırılmış yüksək məhsuldar sortların əkininə üstünlük veriblər. Əkin aparılmış sahələrdə normal bitiş alınıb.
Payızlıq taxıl əkini kampaniyasında rayonun Xolqarabucaq, Aşağı Qaraimanlı, Xolqaraqaşlı və Boyat inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər taxıl əkinində öndə gediblər.