İQTİSADİYYAT
Nəqliyyat Nazirliyi payız-qış mövsümünə hazırdır
Bakı, 30 noyabr (AZƏRTAC). Nəqliyyat Nazirliyinin aidiyyəti qurumları payız-qış mövsümünə hazırlığını artıq yekunlaşdırmaq üzrədir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qış aylarında avtomobil yollarının buz bağlamasının qarşısının alınması, həmçinin respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranmaması üçün lazımi tədbirlər görülür.
Hazırlanmış tədbirlər planına əsasən, yol istismar idarələri tərəfindən avtomobil yollarına baxış keçirilir, nöqsanların aradan qaldırılması üçün müvafiq addımlar atılır. Həmçinin qış aylarında ehtiyac yaranacağı təqdirdə avtomobil yollarına səpilməsi üçün kifayət qədər qum və duz ehtiyatı yaradılmış, lazımi sayda nəqliyyat vasitələri hazır vəziyyətə gətirilmişdir.
Bundan başqa, növbətçilik cədvəli də yaradılmışdır ki, bunun əsasında bölgələr də daxil olmaqla, yolların vəziyyəti barədə məlumatlar mütəmadi olaraq mərkəzi aparata göndərilir.