MƏDƏNİYYƏT
“Nəqşicahan – Naxçıvan” sənədli filmi Türkiyənin “TRT AVAZ” kanalında yayımlanacaq
Naxçıvan, 22 iyul (AZƏRTAC). Türkiyənin “TRT AVAZ” kanalında “Nəqşicahan - Naxçıvan” sənədli filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə TRT-nin Bakı ofisinin nümayəndəsi Emrah Timuçin Yazıcının hazırladığı sənədli film 2 hissədən ibarətdir.
Filmdə Naxçıvanın tarixinə diqqət yetirilir, 1918-ci ildə Araz-Türk Cümhuriyyətinin qurulması və süqutundan, xilaskar türk ordusunun Naxçıvana köməyə gəlməsindən, Sovet İttifaqının 70 illik əsarəti dövründən və 1990-cı ildə Naxçıvana gələn ulu öndər Heydər Əliyevin qədim diyarı bəlalardan xilas etməsindən ətraflı bəhs olunur.
Naxçıvandakı tarixi abidələr də filmin əsas süjet xəttidir. Əshabi-Kəhf ziyarətgahı, Nuhun məzarı, Möminə Xatın türbəsi, təbii gözəllikləri ilə ziyarətçilərini ovsunlayan Batabat yaylası sənədli filmdə öz əksini tapıb.
“Nəqşicahan - Naxçıvan” sənədli filminin 1-ci hissəsi iyulun 23-də Bakı vaxtı ilə saat 15:00 - da “TRT AVAZ” kanalında yayımlanacaq.