CƏMİYYƏT
Nərimanovda törədilmiş qətlin üstü “isti izlər”lə açılıb
Bakı, 12 iyul, AZƏRTAC
Paytaxtın hüquq mühafizə-orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan AZƏRTAC-a bildirilib ki, iyulun 10-da saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 82 saylı ünvanda 1951-ci il təvəllüdlü Barışov Yuriy Petroviçin üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətləri olan meyiti aşkar olunub. Həmin faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin əvvəllər quldurluğa görə məhkum olunmuş Akayev Hüseyn Ramazanoviç tərəfindən törədilməsinə kifayət qədər şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq tədbirləri davam etdirilir.