CƏMİYYƏT
Nəsimi rayonunda Qurban bayramı münasibətilə sosial aksiyalar keçirilib
Bakı, 8 iyul, AZƏRTAC
Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən müqəddəs Qurban bayramı ərəfəsində növbəti sosial aksiya həyata keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon təşkilatının rayon ərazisində yaşayan üzvlərinə, Vətən müharibəsi əlillərinə, 20 Yanvar, Çernobıl əlillərinə, rayon ərazisində fəaliyyət göstərən digər ictimai birliklərin üzvlərinə, sosial qayğıya ehtiyacı olan sakinlərə, ümumilikdə 2000-dən çox ailəyə qurban payları verilib.
Həmçinin aksiya zamanı rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov və qurumun məsul əməkdaşları tərəfindən rayon ərazisində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib, onlara qurban payları, ərzaq bağlamaları və maddi vəsait təqdim olunub.
Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.