REGİONLAR
Nikitin adına kolxozda “Mədrəsə” üzümünün yığımına başlanılıb
İsmayıllı, 29 sentyabr, AZƏRTAC
Azərbaycanda yeganə kollektiv təsərrüfat olan Nikitin adına kolxozda şərab istehsalı üçün yüksək keyfiyyətə malik texniki sort “Mədrəsə” üzümünün yığımına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kolxozda gün ərzində 40-50 ton üzüm yığılır və məhsul respublikamızın şərab zavodlarına göndərilir.
Qeyd edək ki, kolxoz İsmayıllı rayonunda ən iri üzümçülük təsərrüfatlarındandır. Burada 296 hektar texniki sort olan üzüm bağı var. Bu bağlar ötən ilin 70-ci illərində salınıb. Keçən əsrin 90-cı illərində rayonda demək olar ki, bütün plantasiyalar baxımsızlıq üzündən məhv olsa da, Nikitin adına kolxozda bu bağlar qorunub saxlanıb.
Kolxozda hər il orta hesabla 1000 ton üzüm istehsal edilir. Cari mövsümdə plantasiyalardan 1100 tondan çox məhsul yığılacağı proqnozlaşdırılır.