MƏDƏNİYYƏT
Niyazinin ev-muzeyində klassik musiqi gecəsi keçirilmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). Niyazinin ev-muzeyində Azərbaycan və rus klassik musiqisi gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, gecə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyinin nəzdində Klassik musiqi həvəskarları klubu tərəfindən təşkil edilmiş və Azərbaycanla Rusiyanın mədəni əlaqələrinə həsr olunmuşdur.
Niyazinin ev-muzeyində hər ayın birinci həftəsinin şənbə günü musiqi gecələri keçirilir. Buranın öz auditoriyası, səmimi atmosferi vardır. Konsertlər ilk növbədə maarifçilik xarakteri daşıyır. İfaçılar gənclər, amma artıq tanınmış istedadlı musiqiçilər - adları “Qızıl kitaba” düşmüş prezident təqaüdçüləridir.
Konsertdə 15 nömrəli musiqi məktəbinin, L. və M.Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri, habelə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Çaykovskinin, Qlinkanın, Skryabinin, Darqomıjskinin, Fikrət Əmirovun, Qara Qarayevin əsərlərini ifa etmişlər.
Bakı Musiqi Akademiyasının tələbəsi, prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarov (skripka) Niyazinin “Rast” simfonik muğamını ifa etmişdir. Fortepianoda onu Kəmalə Neymanova müşayiət etmişdir.