CƏMİYYƏT
Nobel prospektindəki yeni avtodayanacağın tikintisi zamanı divarın uçması nəticəsində ölən və xəsarət alanlar olmuşdur
Bakı, 23 yanvar (AZƏRTAC). Yanvarın 23-də saat 3.50 radələrində Xətai rayonunun ərazisində, Nobel prospektində yeraltı avtodayanacaq tikmək üçün qazıntı işləri aparılarkən yaxınlıqdakı köhnə divar uçmuşdur. Nəticədə orada işləyənlər - Bakı şəhər sakini Sabir Dadaşov, Gədəbəy rayon sakini Filqət Alıyev, Oğuz rayon sakini Nicat Hacıyev və Biləsuvar rayon sakini Ələsgər Qurbanov xəsarət almışlar. Onlar xəstəxanaya yerləşdirilmişlər. Ə.Qurbanov orada ölmüş, digərlərinin vəziyyətləri isə ağırdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.