DÜNYA
Norveç və İsveç hökumətləri Ukraynaya dəstəyi artıracaqlarını bəyan ediblər
Oslo, 28 fevral, Rauf Əliyev, AZƏRTAC
Norveç və İsveç hökumətləri Ukraynaya dəstəyi artıracaqlarını bəyan ediblər.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Norveç hökuməti Ukraynaya humanitar yardım məqsədilə 2 milyard Norveç kronu (222 milyon ABŞ dollarına) ayırıb və müharibədən əziyyət çəkən bu ölkəyə dəbilqə və gülləkeçirməz jilet kimi hərbi avadanlığı göndərəcəyini bildirib.
Norveç artıq BMT-nin Qaçqınlar Agentliyinə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına və Ukrayna Humanitar Fonduna 250 milyon kron (27,8 milyon ABŞ dolları) dəyərində humanitar yardım göstərib.
Öz növbəsində İsveçin Baş naziri Magdalena Andersson bazar günü axşam saatlarında müdafiə naziri Peter Hultqvist ilə birlikdə mətbuat konfransında ölkəsinin Ukraynaya silah, eləcə də digər döyüş sursatları göndərəcəyini açıqlayıb. Bu məqsədlə İsveç ümumi dəyəri 1,4 milyard kron (146 milyon ABŞ dollar) dəyərində sursat göndərəcək. İsveçin müdafiə naziri Peter Hultqvistin sözlərinə görə, yardım siyahısını tərtib edərkən seçimlər Ukraynanın tələbinə əsaslanıb.
Göndərilməsi nəzərdə tutulan hərbi məhsullar arasında 135 min sahə payı, 5 min dəbilqə, 5 min bədən qalxanı və 5 min tank əleyhinə silah daxil olduğu artıq elan edilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Oslo