İQTİSADİYYAT
Noyabrın 23-də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə üçtərəfli görüş keçiriləcək
Bakı, 31 oktyabr, AZƏRTAC
Noyabrın 23-də Tehranda Hindistan, Rusiya və İran arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə üçtərəfli görüş keçiriləcək.
Görüşdə Hindistandan Azərbaycandan keçməklə Finlandiyaya qədər uzunluğu 7200 kilometr olan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşıma məqsədilə dəniz, avtomobil və dəmir yolu marşrutunun tezliklə istismara verilməsi ilə əlaqədar məsələlər müzakirə olunacaq.
AZƏRTAC-ın Hindistan mediasına istinadla bildirilir ki, Hindistanın Ticarət və Sənaye naziri Sureş Prabhu keçən həftə öz ölkəsi ilə Rusiya arasında investisiya və biznes əlaqələrinin artırılması ilə bağlı Rusiyalı işgüzar dairələri ilə keçirdiyi görüşdə bu marşrutun tezliklə işə salınması üçün bütün lazımi məsələlərin həll edilməsinin mümkünlüyünü qeyd edib.
Hindistanlı nazir “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsini Mərkəzi Asiya ölkələri ilə nəqliyyat sahəsində əməkdaşlığı təşviq etmək və region ölkələri ilə bağlılığı artırmaq baxımından Hindistan, Rusiya və İran tərəfindən irəli sürülmüş mühüm bir təşəbbüs kimi qiymətləndirib.
2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, “Şimal-Cənub” dəhlizi vasitəsilə 3 həftə olması gözlənilir).
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun işə düşməsi nəinki region ölkələrinin iqtisadi inkişafına təkən verəcək, eyni zamanda, həmin ölkələr siyasi sabitlik üçün də zəmanət əldə etmiş olacaqlar.