SİYASƏT
O BÖYÜK İNSAN XALQINA XİDMƏT ETMƏKDƏN YORULMAZDI
Fuad Salayev, xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, professor:
- Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu idi. Ölkəmizin fəxri olub. Harada olursa-olsun, istər müxtəlif tədbirlərdə, istərsə də xarici ölkələrə səfərlərdə mən onu görəndə həmişə iftixar hissi keçirmişəm ki, xalqımızın belə dahi oğlu var. Fitri istedada malik idi. Ona görə də sahəsindən asılı olmayaraq keçirilən tədbirlərdə - elmi sessiyalarda, simpoziumlarda, qurultaylarda müzakirə edilən məsələlər barədə verdiyi göstərişlərlə, irəli sürdüyü müddəalarla, təkliflərlə hamını heyrətləndirirdi. Ədəbiyyatı ədəbiyatçıdan, sənəti sənətşünasdan, musiqini musiqişünasdan, memarlığı arxitektorlarımızdan yaxşı bilirdi.
Harada işləməsindən asılı olmayaraq, həmişə vətəninin gələcəyi ilə yaşayırdı. Ölkəmizdə Azərbaycan Rəssamlıq Akademiyasını yaratması da onun uzaqgörənliyindən, böyük vətəndaşlığından irəli gəlirdi.
Arif Hüseynov, əməkdar rəssam:
- Mənim gəncliyim Heydər Əliyevin respublikamıza rəhbər təyin olunduğu vaxta təsadüf edir. 1969-cu ildə Azərbaycan İncəsənət İntstitutunda rəssamlıq fakültəsinin axırıncı kurs tələbəsi idim. Onun rəhbərliyə gəlişi ilə respublikamızın bütün sahələrində böyük canlanma yaranmışdı.
İlk dəfə bu böyük insanla nisbətən yaxın münasibətimiz 1972-ci ildə oldu. Həmin ildə Azərbaycanda Rusiya mədəniyyət günləri keçirilirdi. Heydər Əliyev tapşırmışdı ki, həmin tədbirin tərtibatını gənclər versinlər. O tədbirin emblemindən tutmuş plakatına qədər bütün tərtibat işlərini sənətkar dostum Arif Əzizovla mən işlədik. Bizim işimiz təkcə respublikamızda deyil, Moskvada da yüksək qiymətləndirildi.
Sonra yenə də Heydər Əliyevin təşəbbüsü ilə üç gənc rəssam - Oleq İbrahimov, Arif Əzizov və mən BAM-a - azərbaycanlıların yaşadıqları Ulkan şəhərinə yaradıcılıq ezamiyyətinə getdik. Qayıdandan sonra Bakıda, Moskvada, Romada sərgilərimiz açıldı. Sərgilər bizim gözlədiyimizdən də uğurlu keçdi. Hətta Heydər Əliyev respublika komsomolunun qurultayında bizim adımızı da çəkdi. Fərəhimiz yerə-göyə sığmadı.
Bütün bunları ona görə deyirəm ki, Prezident Heydər Əliyev bütün fəaliyyəti dövründə gənclərə hamilik etmişdir.