Oğrular cəzalarına çatmışlar
Bakı, 28 yanvar (AZƏRTAC). Paytaxt sakini Aliağa Ağayevin evində təmir işləri aparan Kamal Mehdiyevə məxsus mobil telefon oğurlanmışdır. Cinayətdə şübhəli bilinən Ağsu rayon sakini Bəhruz Umudov Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsi əməkdaşlarının tərəfindən məsuliyyətə cəlb edilmişdir.
Göygöl rayonunun Üçtəpə kəndində Gəncə şəhər sakini İlkin Zeynalova məxsus fermadan bir xeyli elektrik naqili kəsilərək oğurlanmışdır.
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Üçtəpə kəndinin sakini Rəhman Mirzəliyev saxlanılmışdır.
Xaçmaz şəhərində yerli sakin Elçin Talıbova məxsus mağazadan kassa aparatını oğurlamağa cəhd göstərmiş şəhər sakini Zaur Bəybalayev Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.