Oğrular cəzalarına çatmışlar
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 24-də 182 nömrəli xətt avtobusunda Bakı şəhər sakini Əfsanə Rzayevaya məxsus mobil telefonu cibindən oğurlamış həmyerlisi, əvvəllər məhkum olunmuş Ramil Quliyev Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
R.Quliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun fevralın 23-də Akif Ərəbxanovun evindən oğurluq etməsi də müəyyən edilmişdir.
Fevralın 5-də Nəzakət Heybətovanın evindən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əlikram Əliyev Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Onun fevralın 5-də narkotik vasitə ilə tutulmuş Mehman Talıbovla birgə oğurluq etməsi müəyyən edilmişdir.
Oğurluq etdiklərinə görə Suraxanı Rayon Polis İdarəsinin 33-cü bölməsinin əməkdaşları tərəfindən tutulmuş Rəşid Məlikovun, Rəxşan Məmmədovun və Kamran Ələsgərovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların İbrahim İmaməliyevə, Xəyyam Quliyevə, Mahir Hüseynova, Akif Əliyevə, Teymur Niyazova, Bəhruz Mustafayevə, İsa Mehdiyevə, Anar Zeynalova, İsgəndər Aslanova, Fuad Şirinova, Mübariz Abdinova, Vəliyəddin Həsənova, Pərviz Hüseynova və Namiq Babayevə məxsus avtomaşınlardan oğurluq etmələri də müəyyən edilmişdir.
Fevralın 23-də Əvəz İmanova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini Elşən Ağacanov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.