Oğrular cəzasız qalmamışlar
Bakı, 1 fevral (AZƏRTAC). Paytaxt sakini Südabə Səbzəliyeva Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinə ərizə ilə müraciət edərək, Biləcəri qəsəbəsindəki torpaq sahəsindən Nailə adlı şəxs tərəfindən 50 ədəd beton arakəsmənin oğurlanması barədə məlumat vermişdir. Rayon polis idarəsinin 4-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nailə Muradova saxlanılmışdır.
Mingəçevir şəhər sakini Anar İsayevə məxsus “VAZ-2109” markalı avtomaşından pul və yaddaş kartı oğurlanmışdır.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Elşən Hacıyev tutulmuşdur.
E.Mirzəyevə məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Ümid Məmmədov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.