CƏMİYYƏT
Oğrular məsuliyyətdən yaxa qurtara bilməmişlər
Bakı, 19 iyul (AZƏRTAC). İyulun 16-da Qaçay Vəliyevə məxsus avtomaşından oğurluğa cəhd göstərmiş paytaxt sakini Nicat Bağırov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Onun üzərinə baxış zamanı 0,160 qram heroin aşkar edilərək götürülmüşdür.
N.Bağırovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyulun 17-də Məsud Ağaverdiyevin idarə etdiyi “Daevoo” markalı avtobusu qaçırmağa cəhd göstərməsi də müəyyən edilmişdir.
İyulun 16-da Mətləb Zərbəliyevə məxsus mağazadan 1200 manat pulu oğurlamış Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Quliyev şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.