CƏMİYYƏT
Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 26 yanvar (AZƏRTAC). Yanvarın 24-də “Transfer” MMC-yə məxsus ərazidən “Daewoo” və “Ford” markalı yük avtomaşınlarına məxsus 11 ədəd təkər oğurlanmışdır.
Hadisəni törətmiş Bakı sakini Malik Şahverdiyev Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Yanvarın 18-dən 25-dək olan müddətdə Masazır qəsəbəsi ərazisində, Sumqayıt sakini İsgəndər Məmmədova məxsus evdən məişət əşyaları oğurlamış qəsəbə sakinləri Əhməd Babayev və Səməd Rəhimov Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar.
Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə yanvarın 20-də vətəndaş Məmmədbağır Məmmədovun evindən 6850 manat pul oğurlamış Natiq Babayev saxlanılmışdır. N.Babayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun yanvarın 15-də Təvəkkül Abbasovun evindən 4000 manat dəyərində qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.