Oğrular məsuliyyətə cəlb olunmuşlar
Bakı, 8 fevral (AZƏRTAC). Fevralın 7-də Binəqədi rayonu R.Axundov küçəsində Hümbət Ələkbərova məxsus mağazadan oğurluğa cəhd göstərmiş Əbülfət Aslanov Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ə.Aslanovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, yanvarın 8-də gecə Binəqədi qəsəbə sakini Nazim Vəliyevə məxsus mağazadan 100 manat pul və ərzaq məhsullarını oğurladığı da müəyyən edilmişdir.
Nəsimi Rayon Polis İdarəsi 21-ci bölməsinin əməkdaşları fevralın 7-də 288 saylı xətt avtobusunda Sabirabad rayon sakini Ağahəmid Mehdiyevin cibindən 90 manat pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Həsənovu yaxalamışlar.
Qaradağ Rayon Polis İdarəsi 10-cu bölməsinin əməkdaşları Müşfiq qəsəbəsindəki binaların liftlərinin əyləclərini oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Teymur Şükürlü, Elnur Hümbətov və Binəqədi qəsəbə sakini Adil Qədirovu saxlamışlar. Onların Müşfiqabad qəsəbəsindəki 8 saylı evin girişindən 2 lift əyləcini oğurlamaları müəyyən edilmişdir.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.