Oğruları ciddi cəza gözləyir
Bakı, 26 yanvar (AZƏRTAC). Zabrat qəsəbə sakini İmran Mahmudova məxsus “VAZ-2103” markalı avtomaşından maqnitofon oğurlayaraq satmağa cəhd göstərmiş Laçın rayon sakini Vüsal Ağakişiyev, Sabunçu qəsəbə sakini Nicat Mustafayev və Füzuli rayon sakini Fərid Əyyublu Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar.
Yanvarın 24-də Araz Əliliyə qarşı zor tətbiq edərək 5 manat pul və mobil telefonunu almaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Anar Əliyev və Aqşin Quliyev Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışlar.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları oğurluq etdiyinə görə Tural Şərifovu həbs etmişlər. Aparılmış əməliyyat tədbirləri nəticəsində onun, Əlövsət Əhmədova, Türkiyə vətəndaşı Heyrətdin Pögeyə, Elvin Mirzəyevə məxsus avtomaşınlardan, habelə yanvarın 11-də Topçubaşov küçəsində Türkiyə vətəndaşı Duran İşıklıya məxsus “Chevrolet Kaptiva” markalı avtomaşından şüşəni sındırmaq yolu ilə 1 ədəd mobil telefon oğurladığı da müəyyən olunmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla əlaqədar araşdırma aparılır.