SİYASƏT
OĞUZDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Oğuz, 7 may (AZƏRTAC). Oğuz şəhərinin Mədəniyyət Mərkəzində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə “Heydər Əliyev ideyaları - XXI əsrdə Azərbaycanın inkişaf yolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Əvvəlcə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri ümummilli liderimizin adını daşıyan parka gələrək, ulu öndərin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində ümummilli liderə həsr olunmuş sərgi ilə də tanış olmuşlar.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov bildirmişdir ki, Heydər Əliyev bütün həyatını Azərbaycanın tərəqqisi və inkişafına həsr etmiş dahi şəxsiyyətdir. O, özünün bilik və bacarığı, kamil şəxsiyyəti, fövqəladə intellekti, təşkilatçılıq və idarəetmə qabiliyyəti, ən başlıcası isə dövlətinə və millətinə bağlılığı ilə ümummilli lider səviyyəsinə yüksəlmişdir.
Konfransda “Heydər Əliyev və müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafı”, “Milli dövlətçiliyimizin xilaskarı”, “Azərbaycançılıq ideologiyasının formalaşması və inkişafında Heydər Əliyevin rolu”, “Heydər Əliyev irsi öyrənilir” və digər mövzularda məruzələr dinlənilmiş, çıxışlar olmuşdur.
Konfransda ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
Sonra məktəblilər arasında keçirilən “Azərbaycanın Heydər Əliyev zirvəsi” mövzusunda inşa yazı müsabiqəsinin, habelə ulu öndərin anadan olmasının 86-cı ildönümü münasibətilə keçirilən şahmat turnirinin qaliblərinə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri verilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri də təqdim edilmişdir.