SİYASƏT
OKTYABRIN 15-DƏ KEÇİRİLƏN SEÇKİLƏR AZƏRBAYCANIN TARİXİNDƏ ƏN DEMOKRATİK VƏ ŞƏFFAF SEÇKİLƏR OLMUŞDUR
“15 oktyabr seçkiləri Azərbaycanın tarixində ən demokratik və şəffaf seçkilər olmuşdir”. AZƏRTAC xəbər verir ki, bu fikri Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident seçkilərinin ilkin nəticələrinə münasibətini bildirərkən söyləmişdir.
Əli Həsənov demişdir ki, seçkilərin gedişi barədə dünən həm yerli, həm də beynəlxalq müşahidəçilər tərəfindən verilən bəyanatlar, rəylər seçki prosesi ilə bağlı bütün həqiqətləri açıqladı. Məntəqələrdə müşahidə aparan qeyri-hökumət təşkilatlarının, “exit-poll” və seçki monitorinqi keçirən beynəlxalq təşkilatların nümayəndələrinin böyük əksəriyyəti Azərbaycanda seçkilərin demokratik, şəffaf və ədalətli keçirildiyini, dünya standartlarına cavab verdiyini bildirmişdir.
Şöbə müdiri vurğulamışdır ki, ölkəmizdə ən demokratik, şəffaf seçkilərin nəticələri göz qabağındadır. Xalqın sevimlisi olan Prezident seçicilərin böyük əksəriyyətinin səsini toplayaraq parlaq qələbə qazanmışdır.