ELM VƏ TƏHSİL
Oktyabrın 1-də növbəti SAT imtahanları keçiriləcək
Bakı, 30 sentyabr, AZƏRTAC
Oktyabrın 1-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti SAT imtahanları (3 fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) keçirəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahanlar komissiyanın inzibati binasında təşkil olunacaq (ünvan: Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M).
İmtahanda iştirak edəcək şəxslər saat 7.45-dən gec olmayaraq tələb olunan sənədlərlə (buraxılış vərəqəsi (Admission Ticket), xarici pasport (Identification document) və ya şəkilli şəxsiyyət vəsiqəsi) birlikdə imtahan binasında olmalıdırlar.
İmtahana buraxılış zamanı və bu müddətdə qaydalara (şəxsiyyəti təsdiq edən sənəd, kalkulyator, telefon və təhlükəsizlik üzrə tələblər daxil olmaqla) hazırlıqlı olmaq üçün iştirak edəcək şəxslərə verilmiş keçiddən təlimat ilə tanış olmaları tövsiyə edilir: https://collegereadiness.collegeboard.org/sat/taking-the-test/what-to-expect
Saat 8.30-da başlayacaq imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.
SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti beş il olan test imtahanlarıdır. Hər il bu imtahanlarda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. SAT imtahanının nəticəsi ali təhsil ocaqlarının qəbul komissiyaları üçün müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə əsaslı mənbə hesab olunur.