İDMAN
OLİMPİADADA SOÇİNİN VAHİD MEMARLIQ SİMASI OLACAQDIR
Bakı, 17 may (AZƏRTAC). 2014-cü ildə keçiriləcək Olimpia oyunlarınadək Soçi vahid memarlıq siması almalıdır. Bunun üçün Olimpiya paytaxtında tikintiyə və ərazilərin abadlaşdırılmasına dair vahid memarlıq - landşaft tələbləri işlənib hazırlanmış və qəbul edilmişdir.
Şəhər administrasiyası başçısının müavini Oleq Yasyuk demişdir: “Tətbiq olunan standartlarda məqsəd tarixi, müxtəlif memarlıq nümunələrini dünya səviyyəli dağ-iqlim kurortu olan Soçi şəhərinin inkişafı ilə uyğunlaşdırmaqdır. Soçi şəhərinin memarlıq inkişaf konsepsiyasında binaların hündürlüyü və fasadlarının rəngi, onların işlənməsi nəzərə alınmışdır. Belə ki, inşa edilən binaların hündürlüyü 17 metrdən artıq olmamalıdır. Binalara çəkilən qranit, mərmər, keramik-qranit üzlüklər parlaq - qum, qəhvəyi, şokolad, boz, evlərin damları isə qırmızı-qəhvəyi rənglərdə olmalıdır. Bütün ictimai binaların fasadları gecələr işıqlandırılmalıdır”.
Ayrıca bənd kimi qeyd edilmişdir ki, Olimpiada obyektlərinin adları və bütün göstəricilər rus və ingilis dillərində olmalıdır. Kurort şəhərinin küçələrində dinamik informatorlar quraşdırılacaq, orada vaxt, havanın temperatoru, iqlim proqnozu, əsas idman bayramına qədər qalan günlər və saatlar barədə məlumat veriləcəkdir.