DÜNYA
Oliver Stoun Rusiya prezidenti haqqında film çəkir
Bakı, 1 avqust, AZƏRTAC
Məşhur Hollivud rejissoru, 3 dəfə Oskar mükafatı qazanmış Oliver Stoun Rusiya Prezidenti Vladimir Putin haqqında sənədli film çəkir.
AZƏRTAC life.ru saytına istinadla xəbər verir ki, daha öncə Stounun sənədli film üçün Putindən yalnız müsahibə alacağı bildirilirdi. Lakin, indi rejissor Rusiya prezidenti haqında tammetrajlı sənədli film çəkmək və "Qərb ölkələri üçün Putin şəxsiyyətinə alternativ baxışı" təqdim etmək niyyətindədir.
Putin və Stoun ilk dəfə 2015-ci ilin yayında teatr tamaşasında, daha sonra isə bu il keçirilən Qələbə paradında görüşüblər. Putin haqqında film çəkmək istəyini ötən ilin payızında bildirən Oliver Stounun filmlərindən biri isə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç haqqında olacaq.
Qeyd edək ki, bir neçə dövlət başçısı haqqında sənədli filmlərin müəllifi olan Oliver Stoun 2014-cü ildə "ABŞ-ın danışılmamış tarixi" 10 seriyalı sənədli filmini, ona qədər isə Kuba lideri Fidel Kastro, həmçinin israil-fələstin münasibətlərinə həsr olunan "Arzuolunmaz şəxs" (Persona non-qrat) filmlərini ərsəyə gətirib. 16 sentyabrda geniş kütlələrə təqdim ediləcək sənədli film isə Amerikanın təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı Edvard Snouden haqqındadır.