CƏMİYYƏT
Ölkəmizdə narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Bakı, 3 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə dekabrın 3-də Yasamal rayonundakı 2 saylı Tibb Kollecində “Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması” mövzusunda tədbir keçirilib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə İşçi qrupu rəhbərinin müavini və sektor müdiri, İctimai Birliyin idarə heyətinin sədri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu, 2 saylı Tibb Kollecinin direktoru, rayon icra hakimiyyəti aparatının əməkdaşı və digərləri çıxış ediblər. Çıxışçılar ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.
Eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Çıxışlarda narkomaniya və onun fəsadları ilə bağlı ətraflı danışılıb, narkotiklərin ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Həmçinin gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib.
Tədbirdə iştirakçılarla mövzu ətrafında interaktiv söhbətlər aparılıb, onlara narkomanlıqla mübarizəyə dair çap materialları və maarifləndirici bukletlər paylanıb.
Bundan əlavə iştirakçılara narkotiklərin növləri və onların törətdiyi fəsadlar barədə slayd nümayiş olunub.