İQTİSADİYYAT
Ölkənin qazlaşdırılmasının səviyyəsi 2013-cü ilin sonunadək 95 faizə çatdırılacaqdır
Bakı, 10 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən yaşayış məntəqələrinin qaz təminatının yaxşılaşdırılması, təbii qazla təmin olunmayan yaşayış məntəqələrinin və massivlərinin qazlaşdırılması, qazın nəqli obyektlərinin tikintisi və təmiri istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, “Azəriqaz” İB-nin fəaliyyəti dövründə 280 yaşayış məntəqəsi və yaşayış massivi, o cümlədən cari ilin 5 ayında 56 yaşayış məntəqəsi və yaşayış massivi qazlaşdırılmış, qaz təminatı bərpa olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində 2012-ci il 1iyun tarixinə respublikada qazlaşdırılma səviyyəsi 75,9 faizə, o cümlədən Bakı şəhərində 95,8 faizə, regionlarda 64,8 faizə çatdırılmışdır. Dövlət tapşırığına uyğun olaraq, 2013-cü ilin sonunadək ölkənin qazlaşdırılması səviyyəsinin 95 faizə çatdırılması üçün müvafiq tədbirlər həyata keçirilir.