SİYASƏT
OMBUDSMAN BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATININ ÖLKƏMİZDƏKİ MİSSİYASININ RƏHBƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Bakı, 21 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki missiyasının rəhbəri Vasili Yujanin ilə görüşmüşdür.
Ombudsman miqrasiya proseslərinin dünyada gedən qloballaşmanın göstəricilərindən biri olduğunu və bu proseslərin tənzimlənməsinin hər bir ölkənin inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, qonşu Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunduğunu, bir milyon insanın öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini, bu ağır vəziyyətin uzun illərdir ki, davam etdiyini bildirmişdir.
Ölkəmizdə miqrasiya prosesləri ilə bağlı həm qanunvericilik üzrə, həm də institusional sahədə mühüm addımlar atıldığı vurğulanmışdır.
Müvəkkil respublikamızda baş vermə səbəblərindən asılı olaraq, məcburi miqrasiya və sosial-iqtisadi miqrasiyanın mövcud olduğunu diqqətə çatdırmışdır.
V.Yujanin Azərbaycanda müxtəlif kateqoriyalardan olan miqrantların vəziyyəti ilə maraqlanmış, miqrantların problemlərinin qlobal xarakter daşıdığını, qaçqın və məcburi köçkünlərin problemləri ilə sıx bağlı olduğunu diqqətə çatdırmışdır.