REGİONLAR
Ordubad internat məktəbində humanitar tibbi aksiya təşkil olunub
Ordubad, 6 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadasının üzvləri Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində humanitar tibbi aksiya təşkil ediblər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ambulator müayinələr zamanı məktəbin yataqxanasında yaşayan şagirdlər ümumi cərrahi, otolorinqoloq, nevropatoloq, hematoloq, uroloq, proktoloq, oftalmoloq, terapevt, USM, laboratoriya və digər tibbi müayinələrdən keçiblər. Xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. Üç uşaqda cərrahi müdaxilələrə ehtiyac olduğundan onlar müalicə məqsədilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət ediliblər.
Humanitar aksiya çərçivəsində alınmış ərzaq məhsulları məktəbin yeməkxanasına, ilkin tibbi yardım üçün ləvazimat, dərman və sarğı materialları isə tibb məntəqəsinə təhvil verilib. Məktəb yataqxanasında yaşayan 40 şagird gündəlik istehlak məhsulları, hər iki valideynini itirmiş 6 şagird geyim dəsti ilə təmin olunub.