REGİONLAR
Ordubad rayonunda humanitar tibbi aksiyalar keçirilib
Ordubad, 26 dekabr, AZƏRTAC
Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti tərəfindən Ordubad rayonunda keçirilən növbəti humanitar tibbi aksiyada xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 28 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Ordubad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyanın ilk günü 435 nəfər ambulator müayinə ilə əhatə olunub, 19 cərrahiyyə əməliyyatı aparılıb. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə tibbi xidmət göstərib.
Dördgünlük humanitar aksiyada iştirak edən rayon sakinləri onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının 21 nəfərdən ibarət həkim briqadası da Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində humanitar tibbi aksiya təşkil edib.