DÜNYA
Oreqon ştatındakı ticarət mərkəzində atışma olmuşdur
Vaşinqton, 13 dekabr (AZƏRTAC). Dekabrın 11-də Oreqon ştatının Klakamas şəhərindəki ticarət mərkəzlərindən birində naməlum kişi alıcılara atəş açmışdır. Şahidlərin sözlərinə görə, qatil mağazaya gələnlərə ən azı 20 dəfə atəş açmışdır. KİV-lər şəhər polis idarəsinin rəisinə istinadən xəbər verirlər ki, avtomat silahla silahlanmış və üzündə xokkey maskası olan qatil bir neçə mağazaya soxularaq qarşısına çıxan hər kəsi güllələmişdir.
Qanlı hadisə nəticəsində iki nəfər yaşlı şəxs (qadın və kişi) öldürülmüş, 15 yaşlı Kristina Şevçenko isə ağır yaralanmışdır. Polis gələnədək qatil özünə qəsd etmişdir. İlkin məlumatlara görə, onun yaşı 25-dən azdır. Ticarət mərkəzi hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən mühasirəyə alındıqdan sonra polislər qorxuya düşmüş alıcıları oradan çıxarmağa başlamışlar. Atışma zamanı ticarət mərkəzində on minədək alıcının olduğu bildirilmişdir. Axşama yaxın aydın olmuşdur ki, qatil cinayəti təkbaşına törətmişdir. Şəhər polis idarəsindən təsdiq etmişlər ki, qatil öldürdüyü adamları əvvəlcədən tanımamışdır. Qətlin səbəbi indiyədək məlum deyildir.
İstintaq sirri olduğu üçün, polis hələlik cinayətkarın şəxsiyyəti haqqında heç bir məlumat vermir. Dekabrın 12-də gün ərzində ticarət mərkəzi bağlı qalmışdır, həmin müddətdə polis mərkəzdə dəlil-sübut axtarmaqla məşğul olmuşdur.
Atışma ilə müşayiət olunan eyni cinayət əməli bu il iyulun 20-də Kolorado ştatının Avrora şəhərində törədilmişdir. Həmin vaxt 24 yaşlı Ceyms Holms kinoteatrın zalına daxil olaraq 12 nəfəri öldürmüş, onlarla adamı yaralamışdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton